Populyar məqalələr

Xalların daşıdığı təhlükə
03.08.2017 2415

Xalların müayinə edilmədən götürülməsi xərçəngə səbəb ola bilər.

Xal tibbi adı ilə nevus adlanır. Nevuslar melanositik və non-melanositik (qeyri-melanositik) olmaqla iki yerə bölünür. Melanositik nevuslar dərimizə rəng verən melanosit adlanan hüceyrələrdən yaranır. Melanositik nevuslar sağlamlıq baxımından adətən qorxulu deyil. Lakin uzunmüddətli günəş radiasiyası, təkrarlanan günəş yanıqları və travmalar (xallarının kəsilməsi, zədələnməsi) melanositik xallar üçün xərçəng təhlükəsi törədir.

Ən təhlükəli xərçəng növlərindən olan melanoma məhz melanositlərin atipikləşməsi, nəzarətsiz artıb çoxalması nəticəsində yaranır. Buna görə də, melanositik nevuslar daha diqqətli olmağı tələb edir. Melanositik olmayan xallarda isə bu təhlükə riski yoxdur.

Xalların müayinəsində ən müasir metod – dermaskopiyadır (dermatoskopiya). Bu diaqnostika metodu, dermatoloq tərəfindən həyata keçirilir. Dermaskopiya xalların melanositik və ya non-melanositik olduğu, təhlükəli olub-olmadığı haqda məlumat verir.