Gəncə Beynəlxalq Xəstəxanası 9 Sentyabr 2015 tarixindən fəaliyyətə başlamışdır. Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Xəstəxanada ambulator və stasionar müalicə xidmətləri göstərilir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə ümumilikdə 56 çarpayıdan, bunlardan 32-i tək nəfərlik (bunlardan 4 junior suit, 2 suit), 9-u iki nəfərlik, 1 ədəd 5 nəfərlik xəstə və 1 çarpayılıq dializ otaqlarından ibarətdir. Təcili tibbi yardım bölməsində 5 nəfərlik müşahidə otağı, 1 çarpayılıq təcili müdaxilə otağı, 1 çarpayılıq prosedur otağı olmaqla 7 çarpayı mövcuddur.
Gəncə Beynəlxalq Xəstəxanasında 27 tibbi bölmə və 50-dən çox yerli və əcnəbi konsultant mütəxəssis həkim çalışır. Xəstəxananın hər bir bölməsi müasir tibbi avadanlıq və alətlərlə təchiz edilmişdir.
Xəstəxanada dünya standartlarına uyğun tam təchiz edilmiş 5 əməliyyatxana (4 ümumi əməliyyatxana və 1 göz əməliyyatxanası) fəaliyyət göstərir. Həmçinin 11 çarpayıdan ibarət 2 reanimasiya bölməsi (ürək-damar xəstələri üçün 4 çarpayı və ümumi reanimasiya 7 çarpayı) var.
Angioqrafiya laboratoriyasında təcrübəli mütəxəssislər tərəfindən koronar və periferik angioqrafiya, beyin damarlarının KT angioqrafiyası, perkutan transluminal koronar angioplastika (stent), perkutan transluminal balon angioplastika prosedurları həyata keçirilir.
Radiologiya bölməsi ən son, beynəlxalq standartlara uyğun Almaniya istehsalı cihazlarla təmin edilmişdir. Radiologiya bölməsində Maqnit Rezonans Tomoqrafiyası (1,5 Tesla), Kompüter Tomoqrafiyası (KT), Mammoqrafiya, Ultrasəs müayinəsi (USM), Sümük Densitomeriyası, Hamiləliyin 4D fetal doppler müayinələri icra edilir.
Tibbi laboratoriyada quraşdırılan və dünya standartlarına cavab verən avadanlıqlar sayəsində biokimyəvi, genetik, hormon, hemotoloji, seroloji, infeksion, mikrobioloji analiz nəticələri ən optimal müddət içərisində əldə edilir.
Gəncə Beynəlxalq Xəstəxanası Qafqazda JCI (Joint Commission International) tərəfindən akkreditə edilmiş ilk xəstəxanadır. JCI Amerika səhiyyə standartlarına uyğun tibb müəssisələrini akkreditə edən ən nüfuzlu beynəlxalq təşkilatdır. Cari dövrdə bütün dünyada cəmi 1000-ə yaxın xəstəxana akkreditasiyadan keçmişdir.
Xəstəxanada 24 saat Təcili Tibbi yardım xidməti göstərilməkdədir. Pasiyentlərin daşınması və tibbi yardım alması üçün tam təchiz edilmiş 2 ambulans və 1 reanimobil daim hazır vəziyyətdədir.
Xəstəxanada check-up mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzdə pasiyentlərə ümumi və ya müəyyən orqanlar üzrə check-up müayinə xidmətləri təklif olunur.
Tibbi xidmətlərin tam steril şəraitdə göstərilməsi üçün infeksiya nəzarət komissiyası daim mütəmadi yoxlamalar keçirməkdədir.
Xəstə və yaxınlarının komfortu üçün rahat oturacaqlar, məlumatlandırıcı monitorlar yerləşdirilmişdir. Xəstəxanada həyətində isə dincəlmək üçün park və uşaqların şən zaman keçirə biləcəyi əyləncə məkanı var.
Gəncə Beynəlxalq Xəstəxanasının üstünlüyü Qafqaz regionunda keyfiyyət və innovativlik cəhətindən bənzəri olmayan bir xəstəxana modelinə sahib olmasıdır.