Xəbərlər

Günvurmadan nece qorunmaq olar ?
06.08.2024 155
Qızmar günəş şüaları ən çox yaşlılar, uşaqlar və xəstələr üçün təhlükəlidir. Şübhəsiz ki, belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir və günvurmaya ən çox uşaqlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalırlar.
Günvurma başın birbaşa günəş şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir, buda mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır.
Günvurmanın əlamətləri zəiflik, qızarmış sifət, baş gicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürəkbulanma və qusma, ağır hallarda bədən hərarətinin 40 dərəcə C və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.
⚠️Günvurmanın ilkin əlamətləri müşahidə edilən kimi zərərçəkəni kölgəyə və ya sərin yerə aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır. Xəstənin vəziyyəti ağırlaşdıqda dərhal təcili tibbi yardım briqadasının çağırılması çox vacibdir.