Qasıq yırtığı qarın boşluğunun aşağı divarındakı deffektdən orqan və ya bağırsağın bir hissəsinin qasıq kanalından keçərək xaya kisəsinə (qızlarda qasıq nahiyyəsinə) doğru çıxdığı bir vəziyyətdir. Xalq arasında”qasıq qrijası” da deyilir. Çəp (dolayı, indirect) qasıq yırtıqları qasıq kanalının daxili halqasından çıxır, xayanın xayalığa endikdən sonra peritonun bağlanmaması nəticəsində baş verir. Bu açıqlıq bağlanmadıqda, mayənin və orqanların qarın daxilindən xaricə itilməsigörülə bilir.
Uşaqlarda qasıq yırtıqları nisbətən tez-tez rast gəlinir, bütün körpələrin təxminən 3-5%-də qasıq yırtığı görülür, vaxtından əvvəl doğulmuş körpələrdə daha çox rast gəlinir.
Risk faktorlarına vaxtından əvvəl doğuş, az çəki, ailədə yırtıqların olması və cinsiyyət(qızlara nisbətən oğlanlarda qasıq yırtığı daha çox olur) daxildir.
Əsas əlamət qasıq nahiyəsində görünən qabarıqlıq, şişlikdir, uşaq ağlayanda, öskürəndə və ya gərginləşdikdə bu şişkinlik daha da qabarıqlaşa bilər. Şişkinliklə birlikdə ağrı və narahatlıq görülə bilər.
Qasıq yırtığın diaqnozu necə qoyulur?
Qasıq yırtığının diaqnozu adətən əl ilə fiziki müayinə ilə qoyulur. Şübhə halında ultrasəs müayinədən istifadə edilir.
Uşaqlarda qasıq yırtıqlarının müalicəsi nədir?
Qasıq yırtığının əsas müalicəsi cərrahidir. Bu, qasıq kanalındakı açıqlığın bağlanması və çıxan möhtəviyyatın yerinə qaytarılması əməliyyatıdır.
Qasıq yırtığı əməliyyatı necə aparılır?
Qasıq yırtığının düzəltmə əməliyyatı qasıq nahiyəsində 1.5- 2 cm ölçüsündə kiçik bir kəsik ilə vəya laparoskopik üsul ilə göbəkdən daxil edilən kamera vasitəsiylə icra edilir. Bu əməliyyat yüksək müvəffəqiyyət dərəcəsinə malikdir, xəstələrin 95% -dən çoxunda əməliyyat uğurlu olur və yırtıq təkrarlanmır.
Uşağımda qasıq yırtığından şübhələnsəm nə etməliyəm?
Hörmətli valideyinlər əgər uşağınızda qasıq yırtığından şübhələnirsinizsə, hərtərəfli müayinə və dəyərləndirmə üçün pediatr və ya uşaq uroloqunuzla məsləhətləşin. Erkən diaqnoz və müalicə fəsadların qarşısını almağa kömək edə bilər.