Populyar məqalələr

Reproduktiv sağlamlıq
06.08.2024 219
Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində insanın fiziki, psixoloji, sosial rifahının məcmusudur. Reproduktiv sağlamlıq cinsi tərbiyəni və bu istiqamətdə sağlamlığın qayğısına qalmağı, xəstəliklərdən qorunmaq üçün biliklərə yiyələnməni özündə ehtiva edir. Ümumi sağlamlığın ən vacib hissə olan reproduktiv sağlamlığın qorunması gələcəkdə xəstəliklərdən uzaq, sağlam ailəyə və övladlara sahib olmaq deməkdir.
⏬️Gənclər üçün reproduktiv sağlamlığın daha aktual məsələləriaşağıdakılardır:
• Cinsi yolla yoluxan infeksiyaların (CYYİ) qarşısının alınması
• Ailə planlaşdırılması
Cinsi yolla yoluxan infeksiyalar nədir?
CYYİ - bir insandan digərinə əsasən cinsi əlaqə zamanı keçən xəstəliklərdir. Onlar digər yollarla da ötürülə bilər:
• Qeyri-steril tibbi alətlərdən istifadə edildikdə
• Yoluxmuş insanın qanı ilə kontaktda olduqda
• Tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.
CYYİ-yə aiddir: sifilis, qonoreya, İİV/QİÇS, genital herpes (cinsi orqanlarda uçuqlama), xlamidioz, trixomoniaz, kandidoz, papillomavirus infeksiyası, hepatit B və s. CYYİ bəzi orqanları ciddi zədələyir, sonsuzluğa və hətta əlilliyə səbəb ola bilər.
⏬️Cinsi yolla yoluxan infeksiyaların əlamətləri:
• Cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı
• Çox tez-tez və ağrılı sidik ifrazı
• Cinsi orqanlardan qeyri-adi və qoxulu selik ifrazı
• Cinsi orqanlar sahəsində qızartı
• Bədəndə səpgilər
• Cinsi orqanlarda və anus ətrafında, ağızda, dodaqlarda xoralar və sızanaqlar
• Böyümüş limfatik düyünlər
• Qarının aşağı hissəsində ağrılar və s.
Aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir:
• CYYİ bəzən əlamətsiz/gizli və ya qismən gizli simptomlarla keçə bilər.
• CYYİ yalnız laborator müayinə nəticəsində müəyyən edilə bilər.
• CYYİ diaqnozu təsdiq olunduqda hər iki partnyor müayinə və müalicə olunmalıdır.
• CYYİ-nin müalicəsi yalnız dəri-zöhrəvi həkimi tərəfindən aparılmalıdır. Həkim məsləhəti olmadan öz-özünü müalicə xəstəliyin dərinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.
• Tam sağalma üçün müalicə kursu mütləq başa çatdırılmalıdır.
⚠️Prezervativlərdən istifadə CYYİ-dan qoruyan yeganə üsuldur!
⚠️Özünüzü qoruyun ki, gələcək ailəniz sağlam olsun!