Populyar məqalələr

Mövsümi allergiyalar
30.03.2018 1944

İnsanlarda allergik reaksiyalara səbəb olan maddələrə “allergen” deyilir. Allergenlər hava, tənəffüs yolu vasitəsilə (polenlər, kiflər, ev tozları), ağız yoluyla (qidalar, dərmanlar) və dəri vasitəsilə (kimyəvi maddələr, böcək dişləməsi ilə) insan bədəninə keçə bilər.

Atopik insanların baharda ən çox narahat olduğu polenlərdir ki, buna digər adı ilə çiçək tozları deyilir. Kiçik polenlər küləklə bitkidən km-lərlə uzaq olan insana gəlib çata bilir. Müxtəlif bitkilərə allergiyanın zamanları (ayları) fərqlidir. Ağac tozları daha çox fevral-may, ot tozları may-iyun, yabanı və mədəni ot tozları isə yayın ortasında payızadək öz allergik təsirini göstərir. Yağışlı havada pollinozdan əziyyət çəkənlər daha rahat olur.

Polinozun əlamətləri:

  • Asqırma
  • Burun udlaq, gözlərdə qaşınma
  • Burun tutulması
  • Burun axması (rinoreya)
  • Gözlərdə yad cisim hissi

Polenlərə qarşı allergiyanın olmasını müəyyən etmək üçün prick-test allergik dəri sınağından istifadə edilir. Səbəb müəyyən edildikdən sonra uyğun şəkildə müalicə aparılır.

Polinoz müalicə edilməzsə xəstəlik daha da şiddətlənir,nəticədə astma xəstəliyinin yaranmasına səbəb olur. Allergiyaya genetik meyilliliyi olan insanlar atılan profilaktiki tədbirlər nəticəsində allergik əlamətlərin özünü büruzə verməsinin qarşısını ala və ya gecikdirə bilər.

Allergik rinit-burnun selikli qişasının iltihab prosesidir, hansı ki aşağıdakı simptomlarla özünü büruzə verir:

  • Burun tutulması
  • Burun axması
  • Qaşınma
  • Asqırma

Allergik rinitlərin 2 forması ayırd edilir:

  • Fəsli allergik rinitlər
  • İlboyu davam edən allergik rinitlər

Fəsli allergik rinitlərin törədicisi çiçək tozcuğu allergenlərdir. İlboyu davam edən allergik rinitlərin törədicisi məişət allergenlərdir. Məişət allergenlərinə ev tozu, kitab tozu, yastıq tükü və xüsusən də məişət gənəciklərini göstərmək olar.

Allergik rinitin müalicəsi üçün əvvəlcə buna səbəb olanı ayırd etmək vacibdir. Diaqnoz prick-test vasitəsilə qoyulur. Bundan sonra uyğun şəkildə müalicəyə başlanılır.