Populyar məqalələr

Günvurma zamanı ilk tibbi yardım necə olmalıdır ?
20.06.2022 4674

Günvurma günəş şüalarının uzun müddət insanın başına, bir başa təması səbəbindən meydana gəlir: infraqırmızı şüalar təkcə bədənin səthini deyil, beyin toxumasını da əhatə edən dərin toxumaları istiləşdirə bilir. Günvurma ilə mərkəzi sinir sistemi əziyyət çəkir. Həddindən artıq qızdırıcı impulslar beyin qabığına və sonra bədənin damar sisteminə daxil olur. Qan və limfa damarları genişlənir, bu da beyində olan boz maddənin sıxılmasına səbəb olur. Sinir hüceyrələri və ya neyronlar oksigensiz qalır və uzun müddət ciddi şəkildə günəş şüalarına məruz qalınma halında bu hüceyrələr ölürlər. Həssasiyyət və hərəkət fəaliyyəti pozulur, ürək-damar, tənəffüs və digər bədən sistemlərinin iltihablı reaksiyaları baş verə bilər.


Əlamətləri:
• Zəiflik
• Baş ağrısı, başgicəllənmə
• Təngnəfəslik, nəbzin tezləşməsi
• Burun qanaması
• 38-40°С bədən temperaturu
• Qısamüddətli huşu itirmə
• Ürək bulanması və qusma və s.


İlk yardım
1. Xəstəni kölgəyə və ya sərin bir otağa gətirin. Otaqda, optimal rütubət səviyyəsi (40- 60%) və kifayət qədər oksigen olmalıdır.
2. Baş və ayaqları qaldıraraq uzadın. Xəstəni rahatlaşdırmaq üçün boynunun və ayaq biləyinin altına bir şey qoyun.
3. Üst geyimlərini çıxarın, kəməri boşaldın. Sinə və boynun sıxılmaması vacibdir.
4. Sərin su verin, yaxşı olar ki mineral su verəsiniz. Və ya adi suya bir çay qaşığı ucunda duz və şəkər əlavə edin – bu su-duz balansını bərpa etmək üçün lazımdır.
5. Hər hansı bir parçanı su ilə nəmləndirin və sinəsinə sürtün. Bütün bədəni nəm bir təbəqə ilə bükə və ya 20° C-dən isti olmayan su tökə bilərsiniz. Soyuq kompreslər yalnız bədənin müəyyən hissələrinə tətbiq oluna bilər: boyun, alın və biləklər.
6. Qusma başlayıbsa, xəstəni yanı üstə çevirib, hava yollarının qusuntudan təmizlədiyinizə əmin olun.
7. Huşu pozulduqda, nəbzi hiss olunmadıqda, tənəffüsün tutulması halında, həkimlər gələnə qədər süni tənəffüs və dolayı ürək masajı edin.
Vəziyyəti ağırlaşarsa dərhal "Təcli Yardım" çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın.
Özünüzü qorumaq üçün olan ən sadə qayda, günorta saat 11.00-dan 17.00-a qədər birbaşa günəş işığında mümkün qədər az olmaqdır.