Populyar məqalələr

Qastroskopiya
06.02.2018 1985

Qastroskopiya ucunda işıq və kamerası olan, uzun boru şəklində əyilə bilən endoskopik alətlə üst həzm sisteminin müayinəsidir. Üst həzm sisteminin tərkibinə ağız, udlaq, qida borusu, mədə və on iki barmaq bağırsaq daxildir.

Qastroskopiya udqunmada çətinlik, sinənin arxasında yanma və ağrı,ağıza acı su gəlməsi kimi qida borusuna bağlı xəstəliklərin diaqnozunun qoyulması üçün, qarnın üst hissəsində ağrı, yanma, qıcqırma, ürək bulanması, qusma, müalicəyə baxmayaraq davam edən anemiya, səbəb bilinməyən arıqlamaq kimi mədə və on iki barmaq bağırsaqla bağlı olan xəstəliklərin müəyyən edilməsi üçün edilir. Bundan əlavə, ağızdan qan gəlməsi, qusma, nəcisin çox tünd olması ilə özünü büruzə verən həzm sistemi qanaxmalarının, qida borusu və mədə xərçənginin müəyyən edilməsində də tətbiq edilir.

Qastroskopiya iltihaplı nahiyələrin, kiçik şişlərin müəyyən edilməsi üçün digər vasitələrlə müqayisədə daha dəqiq üsuldur.

Qastroskopiya edilməzdən əvvəl xəstə 6-8 saat ac olmalıdır. Revmatizmalı ürək xəstələri, qaraciyər, və yoluxucu xəstəlikdən əziyyət çəkənlər vəziyyətləri barədə əvvəlcədən həkimi xəbərdar etməlidir.

Qastroskopiyanın üstün cəhətləri:

  • Vacib olanda biopsiya üçün nümunə götürülür.
  • Polip müəyyən edilərsə endoskopik olaraq xaric edilir.
  • Qanaxma varsa endoskopik olaraq müxtəlif üsullarla dayandırılır.
  • Yad cisimlər çıxarıla bilər
  • Darlıq varsa, genişləndirilir və s.