Populyar məqalələr

Klimaks nədir ? Klimaks neçə yaşda başlayır ?
22.07.2024 348
Klimaks və ya menopauza - orqanizmin təbii “qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir. Klimaksın başlaması üçün orta yaş 51 yaşdır. Əksər qadınlarda menopauza 45-55 yaş arası başlayır, lakin aybaşı 55-60 yaşdan sonra da kəsilə bilir.
Klimaksınbaşlayacağı vaxt ilk aybaşınızın neçə yaşınızda başlamasından asılı deyil. Əgər ananızda klimaks vaxtından tez başlamışdırsa, onda sizdə də erkən menopauza riski yüksəkdir. Sizdə klimaksın nə vaxt başlayacağını qabaqcadan təyin etmək üçün xüsusi bir analiz yoxdur. Qanın hormonlara görə analizi menopauza başlamayınca heç bir dəyişiklik göstərməyəcəkdir.
Klimaksın simptomları hansılardır?
Ardıcıl olaraq 12 ay müddətində menstruasiya olmadıqda, klimaksın başladığını söyləmək olar. Menstruasiyanın il ərzində olmaması menopauzanın əsas və mütləq simptomudur. Bütün digər simptomlar – istilik hissinin gəlməsi, gecələr tərləmə, yuxusuzluq, əhval-ruhiyyənin tez-tez dəyişməsi, uşaqlıq yolunda quruluq da aybaşı kəsildikdən sonra müşahidə oluna bilir.
Klimaksla bağlı olan problemlər:
• Istilik hissinin gəlməsi, çox tərləmə
• Sümüklərdə dəyişilmə və bununla əlaqədar sınıq riskinin artması
• Ürək xəstəlikləri
• Sidik saxlamama
• Uşaqlıq yolunun və uşaqlığın enməsi və düşməsi
• Uşaqlıq yolunda quruluq və diskomfort, seksual həyat sahəsində problemlərin meydana gəlməsi
• Yuxusuzluq
• Əhval-ruhiyyənin tez-tez dəyişməsi, depressiya
• Üz və bədəndə tüklərin artması, səs tembrinin zəifləməsi
Klimaksın müalicəsi:
İlk öncə qeyd edək ki, klimaks xəstəlik deyil və klimaksın özünü müalicə etmək lazım deyil. Buna baxmayaraq, qanda qadın hormonlarının miqdarının az olmasının nəticələri ciddi şəkildə tibbi nəzarət, hətta müalicə də tələb edə bilir.
Menopauzanın nəticələrinin müalicəsi və profilaktikasına 2 əsas yanaşma var:
• Əvəzedici hormonal terapiya
• Fitoterapiya və vitaminoterapiya