Diyetologiya bölməsində artıq çəki və piylənməyə səbəb olan maddələr mübadiləsi pozğunluğu xəstəliklərinin və onların fəsadlarının, müasir standartlar və protokollar əsasında diaqnostikası və müalicəsi aparılır.
Bölməmizə müraciət edən hər bir xəstəyə kompleks yanaşma tətbiq olunaraq artıq çəkinin səbəbləri endokrinoloji, kardioloji, qastroenteroloji, psixonevroloji və digər aspektlərdən araşdırılır və ən effektiv müalicə strategiyası seçilir.
Həkim-mütəxəssis tərəfindən pasiyentin bədən çəkisinin peşəkar seqmentar analizi aparılır və orqanizmdəki piy, su, skelet, əzələ faizi müəyyən olunur. Xüsusi sorğu-anket blankı vasitəsi ilə pasiyentin fərdi məlumatları, xəstəlik tarixi, qidalanma tərzi, fiziki aktivlik dərəcəsi, ətraf sosial mühiti, motivatorları və digər artıq çəki probleminə səbəb olan faktorlar detallı şəkildə araşdırılır.
Pasiyentlərə öncədən və müalicə proqramı zamanı xüsusi "qida gündəliyi" tərtib olunur ki, bunun vasitəsilə onlar həkim-mütəxəssisin nəzarəti altında ziyanlı qida vərdişlərinin yeni və sağlam vərdişlərlə əvəz olunmasına nail olurlar.
Diyetologiya bölməsində hər bir xəstə üçün fərdi olaraq sağlam qidalanma planı (diyet) təyin olunur və davamlı olaraq dəyişdirilir ki, Siz özünüzə ən uyğun və rahat əməl edə biləcək qidalanma tərzini seçə biləsiniz.
Ayrıca olaraq həkim-mütəxəssis tərəfindən fərdi kouçinq metodikasından istifadə etməklə pasiyentlərin vərdişlərinin dəyişdirilməsi, yeni vərdişlərin əmələ gəlməsi və davranış terapiyası aparılır ki, bu da gələcəkdə əldə olunmuş uğurlu nəticələrin davamlı olaraq saxlanılmasına və artıq çəkinin geri qayıtmamasına zəmin yaradır.